Sevimli Dekabr

Hər kəsə salam.

“Əslində” ilə başlayan bəhanə qoxulu cümlələri heç sevməsəm də ilin son postu üçün bu kəlmə qaçılmaz oldu.

Əslində burada Chiristmas mövzulu bir “look” olacaqdı, amma mən bunun üçün dekabr ayından gün oğurlaya bilmədim. 

Hər şey bir kənara blogumun 1 (bir) ili tamamlandı. Keçən il bu vaxtlarda əziz Gülşənlə ilk işbirliyimiz- “Dekabrın rəngi” adlı post paylaşmışdım.

Dəb bloqçuluğundan heç bir gözləntim yox idi, yəqin ki, heç vaxt olmayacaq. Amma və lakın iş öz gözləmədiyim yerlərə gəldi, bundan da çox məmnunam.

Dekabrın rəngi hələ də qırmızıdır mənim üçün, amma bu il qara rəngli paylaşıma təsadüf etdi.

Həyatımız rəngli olsun, qara rəng sadəcə xoş günlərdə geyimlərlə, əşyalarla müşaiyət etsin bizi, fikirlərimizdə, başımızın üstündəki səmada olmasın.

Şəxsim adına çox möhtəşəm bir ili geridə qoyuram. Bu möhtəşəmlik özünü mənim üçün 2015-ci ilin ilk günlərindən göstərmişdi, 2016-cı il də onun məntiqi davamı oldu. Ondan öncəki 3 il mənim üçün ard-arda faciə və nanəcib hadisələrlə bitib. Dekabr ayını çox sevsəm də artıq onun sehrindən əlimi üzmək astanasında idim. Səbr etmək və nə istədiyini əzbər bilmək lazımdı, o zaman bütün illər insanın üzünə gülür. Bununla bərabər 2016-ci ildə dəqiqləşdirdim ki:

  • Azadlıq mənim üçün ən böyük nemətdir, hətta azad olmasam can sağlığının belə önəmi yoxdur. Azadlığı insana heç kim vermir, heç vermək ixtiyarında da deyil. Onu özümüz qazanırıq.
  • Şəfqət və qayğıkeşlik sevginin ən birinci iki şərtidir.
  • Sevginin ancaq çoxalmaq qabiliyyəti var.
  • Səhər yeməyini xüsusi təmtəraqla etmək və ildə iki dəfə səyahətə çıxmaq ömrü sığallamaq deməkdir.
  • Məqsədin uğrunda çalışırsansa hər şey artıq indidən öz yolundadır, sən görməsən belə.
  • Hər hansı mövzuda hər kəs kimi fikirləşmirsənsə bu sənin haqsız olmağın deyil, özün kimi olmağındır və bununla xoşbəxtsənsə dəyişməyə dəyməz.
  • Dünyasını dəyişən əzizlərimiz bizi görürlər, sevincimizə sevinirlər, kədərimizə qəmlənirlər. “Niyə getmisən” deyib onları narahat etmək olmaz.
  • Ölümdən başqa bir yoxluğu dərd etməyə dəyməz
  • Dəyməz
  • Və yenə də dəyməz 🙂

2017-ci ildə Tanrıdan sadəcə sağlamlıq istəyirəm, qalan hər şeyə sahibəm (həmçinin sağlamlığa, çox şükür), sahib olmadıqlarımı da qazanmaq üçün sadəcə sağlamlığa ehtiyacım var.

Başqalarının həyatına mənfi təsir etməyəcək bütün arzuların yeni ildə çin olması ümidilə. 2017’niz Mübarək, dostlar 🙂

 

Photography: Gulshen Nerimanli

Blouse: Zara

Skirt: Stradivarius

Socks: Penti

Shoes: Stradivarius

Coat: H&M (London, 2013)

Sevgi ilə,

Tu

You may also like

5 comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir