Decoration details of our Love Day- Shaig & Turan wedding

Hər kəsə salam,

Səbrsizliklə iyunun 5-i baş tutan toyumda çəkilən fotoları gözləyirdim, əzizim Gülşən bugün təhvil verdi. Gül, ay Gül, əllərin var olsun! 🙂

Qərara gəldim ki, toy dekoru və “look”u barədə ayrı-ayrı paylaşım edim. Hamının da bildiyi kimi toy dekorunun dizaynı və əksər hazırlığı şəxsən özümə aiddir. Hüquq və maliyyə-menecment təhsili alsam da özümü tanıyandan xəyalım tədbir təşkilatçısı olmaqdır. İlk təcrübəm öz toyum oldu. İçimdən bir səs deyir ki, bu  mənim həyatımda yeni bir mərhələnin çox gözəl başlanğıc hekayəsi olacaq.

Təkbaşına toy dekor etmək, üstəlik bütün bu dəmdəsgahı öz toyum üçün etmək çox çətin, yorucu, məsuliyyətli, bir o qədər də maraqlı və əyləncəli iş kimi yaddaşımda qaldı. Normal həyatda 3 (üç) fərqli işdə çalışıram. İşlərimin dəhşətli şəkildə çox olmasına baxmayaraq heç bir planlama, yaddaş kitabçası, siyahıdan istifadə etmirəm. Bu toy hazırlıqları zamanı da dəyişmədi. Yaxşı vərdiş deyil, amma hələ ki, güclü yaddaşım və enerjim mənə vəziyyətin öhdəsindən gəlməkdə dəstək olur.

Məkan və dekor üçün tərz seçiminə heç bir saniyə də xərcləmədik, çünki öncədən ikimizin də xəyalı kəndsayağı, yaşıllıqlarla əhatələnmiş bir yerdə toy etmək olub. Çünki həm ruhumuz, həm tərzimiz təbii və necə deyərlər sonradan düzəldilməmiş gözəllikdən yanadı. Odur ki, “rustic” tərzdə dekor məkanın və abu-havasının üzərinə tam biçilmiş formada oturdu. Toy üçün dizayn etdiyim və hazırladığım dekor detallarını da qarışıqlıq olmasın deyə beynimdə 3(üç) hissəyə böldüm. Komandamız 5(beş) nəfərdən ibarət idi, iş bölgüsünü də buna uyğun etmişdik:

1. Masa dekoru

2. Foto guşəsi

3. Bəy-gəlin çardağı və masası

 

Masa dekoru

Masa dekorunda içki şüşələrindən və mağazadan aldığımız nüxtəlif qida məhsullarının qablaşdırıldığı şüşə bankalardan istifadə etdim.

 

Masa üçün sadə kətan parçadan masanın üçdə biri enində süfrə tikdirilib.

Masada olan şüşə detalları 3 növdə hazırlamışdım.

  • Sadə limonad şüşəsi- hər birinə bir ədəd təbii, iri çobanyastığı gülü daxil edilib.
  • Şüşə banka- üzərində pərdə tülü çəkərək məftil ilə bağlanıb. İçərisinə təbii yarpaq və gipsafil gülü qoyulub.
  • Şərab şüşəsi- qızılı rəndə sprey boya ilə rəngləyib, lent ilə dekor edilib. Lenti www.aliexpress.com saytından sifariş etmişəm.
“Sending you some more love”

Əlavə olaraq rəfiqəm Ayselin köməyi ilə hər bir qonaq üçün  çəngəl bıçaq dəstini parça salfetlərə salaraq xüsusi dekor etmişdim.

 

 

Fotodan da gördüyünüz kimi hər bir masa salfetini (ruçnik) ipə “tag” (birka) keçirərək bağlayıb, içərisinə gipsafil gülündən kiçik bir hissə keçirmişəm. Çox təəssüflər olsun ki, masada boşqabların üzərinə qoyulmuş formada foto yoxdur, çünki onlar düzüləndə mən artıq bəzənməyə getmişdim, təbii olaraq da, Gülşən xanım da məni çəkirdi.

Foto guşəsi

Foto çəkdirmək üçün ayrıca bir guşə təskil etdik. Bunun üçün qardaşlarımın koməyi ilə taxtadan 2 hissəyə ayrılmış boş rəsm çərçivəsi forması hazırlandı. Çap etdiyimiz fotoları çərçivənin içinə vurulmuş iplərə bərkitdik. Bir tərəfindən isə həm də kiçik şüşə bankalar asdıq, içərisinə güllər keçirtdik. Çərçivənin ətraflarına isə konseptə uyğun olaraq vintaj tərzdə əşyalar yerləşdirdik.

 

Bəy gəlin çardağı və masası

Çardaq da qardaşlarımın köməyi ilə öncədən hazırlanmışdı. Ölçüyə uyğun tül alıb tikdirmişdim. Toy günü çardaq yerə bərkidilərək tül və təbii yarpaq, güllərlə dekor edildi. Çardaq çox hündür və geniş olduğu üçün dekor edilməsi üçün floristə müraciət etdik.

Masamızın üzərini isə sadə və az sayda vazalar və şamdan ilə dekor etdim. Ön hissəyə isə adlarımızın baş hərfi olan işıqlı hərflər və hər iki tərəfə böyük ölçülü şamdanlar yerləşdirildi.

 

Əlavə olaraq düzəltdiyimiz yelləncəyi də qeyd etməsəm ona da, özümüzə də haqsızlıq olar 🙂

Yelləncək üçün taxtanı tikinti materialları satılan mağazadan aldım, elə oradaca ustaların köməyi ilə istədiyim ölçüdə kəsilib, ip bağlamaq üçün dəliklər açıldı. Elə ipi də eyni mağazadan əldə etdim. Toy günü yelləncək asılaraq ipləri gipsafil gülü ilə dekor edildi. Ağaclıqların arasında yeləşdiyi üçün gözdən qaçmışdı, yalnız biz fotosessiya etdirəndə yada düşdü. Bu səbəbdən yelləncəyin fotosunu bizimlə bərabər görəcəksiniz.

 

Toy günü dekor üçün səhər saat 9:00dan məkanda idik. Çox yoruldum, necə alınacaq deyə həyəcan keçirdim, amma nəticə hər şeyə dəydi. Bütün detalların fotosu var, mənim olmaz mi? 🙂

 

Ciddi Tu 🙂

Place: Gala Bazaar

Flowers: Flowers of Baku

Letters: Ruffurn

Photography: Gulshan Narimanli (Gulhappy_photogallery)

 

Biz zövq aldıq, ümid edirəm siz də mənimlə eyni hissləri paylaşırsınız.

Sevgi ilə,

Tu

 

 

 

You may also like

12 comments

  1. Salam, Turan xanım. Sizi ürəkdən təbrik edirəm. Bir ömür boyu xoşbəxt və sağlam həyat arzu edirəm sizə. Orjinal, yaradıcı insanları sevirəm. Siz də onlardan birisiz.Bloq izləyən insan deyiləm, amma sizin bloqunuz çox zövqlü, özünəməxsus olduğundan izləyirəm. Mən də sevirəm vintage üslubunu. Nostalji, köhnə mahnıları, köhnə əşyaları çooox sevirəm. Sizin də bu cür zövqə,maraqlara malik olduğunuzu biləndə çox sevindim.Mən toylara getməyi sevən adam deyiləm. Çünki toylarımız hər kəsə məlumdur ki, hansı vəziyyətdə keçir.İsrafçılıq və s. Amma Sizin toyunuz tam fərqli idi. Sizin toyunuzun olacağını öyrənəndə hətta istədim iştirak edim. 🙂 Allah sizi xoşbəxtlərin xoşbəxti etsin :* <3 <3 :*

  2. Hər şey çox gözəldir. Siz də çox gözəlsiniz. Zövq alaraq oxudum postu. Nə yalan deyim, azca da həsəd apardım 🙂 Xoşbəxt olarsız ümid edirəm. Bir ömür birlikdə olun!

  3. Salam canim tebrik edirem. Allah xowbext elsin sizi Amin. Sizden bir soz soruwmag isteyirem elediyiniz yer Gala bazaridi sehv etmiremse. Eger ora deyilse hardai birde yer ucun ne qeder pul vermisiniz?

    1. Salam, çox minnətdaram, Bəli Gala Bazaar restoranıdır. Qiymət sizin konseptə və menuya görə dəyişəcək. Yaxşı olar ki, galabazaar.az saytına daxil olub, əlaqə telefonlarını əldə edəsiniz. Administatorlar bütün suallarınızı cavablayacaqlar. Amma bütün hallarda restorana baş çəkib üzbəüz danışmadan qiymət təklifi əldə edə bilməyəcəksiniz. Uğurlar 🙂

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir